İrandan Azərbaycana külli miqdarda narkotik gətirməkdə ittiham olunan 1974-cü il təvəllüdlü Neftçala rayon sakini Ceyhun Hüseynov və 1973-cü il təvəllüdlü Salyan rayon sakini Ceyhun Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, onlar satış məqsədi olmadan qanunsuz narkotik vasitələri əldə edib, Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməyi planlaşdırıblar.
Onlar 11 may 2015-ci ildə İran İslam Respublikasının Biləsuvar şəhərində Ceyhun Əliyev istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda – 28,894 qram tiryək əldə edib.
Aralarında olan razılığa əsasən Ceyhun Əliyev narkotik vasitəni düz bağırsağında yerləşdirib. O, daha sonra 2 bükümdə qablaşdıraraq narkotik vasitəni Ceyhun Hüseynova verib.
Ceyhun Həsənov da öz növbəsində həmin narkotiki 2 bükümdə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirib. Həmin gün onlar birlikdə İrandan Azərbaycana qayıdarkən saat 17 radələrində Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” postunda tutulublar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı törətmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham ediliblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Hüseynov 6 il, Ceyhun Əliyev isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan Ceyhun Hüseynov apelyasiya şikayəti verib. O, apelyasiya şikayətində qeyd edib ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən məsuliyyətini yüngülləşdirən halları nəzərə almayıb. Himayəsində 2 azyaşlı övladının, 69 yaşlı ağbirçək xəstə anasının olmasını və ağır ailə vəziyyətini nəzərə alıb ona təyin edilən cəzanın yüngülləşdirilməsini, ya da təyin edilmiş cəzasının rejiminin dəyişdirilməsini xahiş edib.
Digər təqsirləndirilən Ceyhun Əliyev apelyasiya şikayəti verməyib və o, birinci instansiya məhkəməsinin hökmü ilə razılaşıb.
Ceyhun Hüseynovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsində göndərilib.
Aplyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Ceyhun Hüseynovun apelyasiya şikayəti qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Yeni hökmə əsasən, Ceyhun Hüseynovun ittiham olunduğu Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsini həmin məcəllənin 206.2-ci maddəsinə tövsif edib. Məhkəmənin hökmü ilə Ceyhun Hüseynova 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Hakimlər həmçinin Ceyhun Əliyevin cəzasının yüngülləşdirilməsi barədə də hökm elan ediblər. Ceyhun Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsini həmin məcəllənin 35, 206.3.2-ci (qaçaqmalçılıqda iştrakçılıq) maddəsinə tövsüf edib.
Hökmə əsasən, Ceyhun Əliyevin cəzası 6 il 6 aya endirilib.
Bundan sonra prokurorluq kasasiya protesti verib və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Ali Məhkəmədə işə baxan hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiya prokurorun protestini təmin edib. Şirvan Apelyasiya Məhkəməsinin qərarını ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.
Şirvan Apelyasiya Məhkəməsində bu dəfə şikayətə hakim Kamran Əkbərovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası təqsirləndirilən şəxslərin apelyasiya şikayətini təmin etməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.