Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Ağamir Ağamirov və Hafiz Vəliyevin məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Azərbaycan vətəndaşları – Ağamir Ağamirov və Hafiz Vəliyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham ediliblər.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ağamir Ağamirov və Hafiz Vəliyev ömürlük azadlıqdan məhrum ediliblər.
Ağamir Ağamirov və Hafiz Vəliyev İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “Sepah”la məxfi əməkdaşlıq edib, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplayıb, eləcə də İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları “Sepah”ın əməkdaşlarının əlaqəsinə təqdim ediblər. Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub.
Müəyyən olunub ki, təıqsirləndirilən şəxslər Azərbaycan-İsrail arasında olan münasibətlər barədə məlumatlar toplayıblar və həmin məlumatları “Sepah”a ötürüblər.
Hacı Zeynalov