Xətai rayonunda mağazalardan birinə quldurluq niyyəti ilə basqın edən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, cari il noyabrın 9-da naməlum şəxs mağazada satıcı işləyən Vahid Quliyevi bıçaqla hədələyərək quldurluq yolu ilə kassadan 420 manat götürüb və hadisə yerindən qaçıb.
Xətai rayon Polis İdarəsi məlumat alan kimi hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və obyektə ekspert-kriminalistlərin iştirakı ilə baxış keçirilib, müvafiq əl-barmaq izləri götürülüb.
Bakı Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Şahin Bədəlov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-yə müraciət edə bilərlər.