9 Dekabr 2017 14:38
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Qorxmaz Sadıqovun apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Qorxmaz Sadıqov Feysbuk sosial şəbəkəsində oyun oynayarkən tanımadığı Elnur Məmmədovla mübahisə edib.

Virtual dostlar arasında oynanılan oyuna Elnurun sonradan qoşulması 19 yaşlı Qorxmazı qəzəbləndirib.

Elnur və Qorxmaz Yasamal rayonunda parklardan birində görüş təyin ediblər. Orxan Elnurun tək gəlməyəcəyini düşündüyü üçün dostlarını da görüşə çağırıb. O, əvvəlcə dostu Əşrəf Hacıyevə, sonra isə hazırda dəmir barmaqlıqlar arxasında olan Qorxmaz Sadıqova zəng edib.

Dostlar birlikdə Elnurla görüş təyin etdikləri parka gəliblər. Orada gənclər arasında mübahisə yaranıb. Bu zaman Qorxmaz Sadıqov Elnur Məmmədova bıçaqla xəsarət yetirib. Elnur Məmmədova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən Qorxmaz Sadıqov həbs edilib.

O, Cinayət Məcəlləsinin 126.2.4-cı (qəsdən sağlamlığa ağır zərbə vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) madəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qorxmaz Sadıqov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Qorxmaz Sadıqov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qorxmaz Sadıqovun apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.


Müəllif: Hacı Zeynalov