Bakıda vətəndaşı qanunsuz olaraq azadlıqdan məhrum etməkdə və dələduzluqda təqsirli bilinən Çingiz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə bir neçə şahidin gəlmədiyi elan olunub.
Hakim bildirib ki, istintaqda şahid qismində adı keçən Murad Abdul İmran Balakən rayonundan məhkəməyə teleqram vurub. O, səhhətində yaranmış problemlə əlaqədar olaraq məhkəməyə gələ bilmədiyini, istintaqa verdiyi ifadəni təsdiq etdiyini söyləyib.
Qazaxıstanda yaşayan Mehriban Babayev və Zakir Hüseynov da məhkəməyə teleqram göndəriblər.
Zərərçəkmiş Tofiq Zülfüqarov Çingiz Abdullayev tərəfindən heç bir zərərin ödənilmədiyini deyib.
Növbəti proses dekabrın 22-də davam edəcək.
Qeyd edək ki, Çingiz Abdullayev Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham edilir.
İttiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı sakini Tofiq Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyini bildirib.
Həyata keçirilən tədbirlər nəticəsində Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Nurlan Bayramov, Gəray Abdulov və Tural Qasımov saxlanılıb.
Həmin şəxslər CM-nin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170. 3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunurlar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Loğman Abdullayev 18 il, Pərviz Rzayev 16 il, Emin Qasımov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Ruslan Hacıyev, Fərhad Tağıyev Tural Babazadə və Gəray Abdullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, onlara şərti cəza verilib.
Cinayətin iştirakçısı olmuş Loğman Abdullayevin atası Çingiz Abdullayev səhhəti ilə bağlı ölkə xaricində olduğu üçün onun barəsində axtarış elan edilib.
Sonradan həbs olunan Çingiz Abdullayev məhkəmə qarşısına çıxarılıb.