Məhkəmə təqsirləndirilən şəxsə bəraət verdi
Sumqayıt Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Quba şəhər sakini, 1960-cı il təvəllüdlü Məmurə Pənahovanın məhkəməsi başa çatıb. İttihama görə, o, 4 iyul 2013-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Aygün” şadlıq sarayının yanında Tofiq Məcidovdan 2 min manat alaraq onun həyat yoldaşı Sevda Məcidovanı Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbinə dəftərxana işçisi düzəldəcəyini vəd edib. Vədinə əməl etmədiyinə görə Tofiq Məcidov Məmurə Pənahovadan şikayət edib.
Məmurə Pənahova Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda dələduzluq əməli törətmək) maddəsi ilə ittiham edilib və Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 3 min manat cərimə olunub.
Hökmdən Məmurə Pənahovanın vəkili Soyanxan Mustafayev apelyasiya şikayəti verib, hökmün ləğvini, bəraət verilməsini istəyib. Zərərçəkmiş Tofiq Məcidov da apelyasiya şikayəti verərək Məmurə Pənahovanın cəzasının ağırlaşdırılmasını tələb edib.
Hər iki şikayət Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
“Məmurə bu günə qədər pulumu qaytarmayıb”
Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçən prosesdə Tofiq Məcidov bildirib ki, Məmurə Pənahovanı əvvəllər tanımayıb. Onun sözlərinə görə, tanışlıqları İlqar Çıraqov adlı şəxs vasitəsi ilə olub: “2011-ci ilin iyun ayında İlqarla Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində olarkən Məmurə xanımı gördüm. İlqarın vasitəsi ilə aramızda münasibət yarandı. Məmurə xanım qızının Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbində müəllimə işlədiyini bildirdi. Daha sonra məktəbin direktorunu tanıdığını və ora kimisə işə düzəldə biləcəyini dedi. Həyat yoldaşım Sevdanı işə düzəltməsini xahiş etdim. Bir neçə gündən sonra İlqar vasitəsi ilə mənə çatdırdı ki, iş düzəlib.
İyulun 4-də məndən həyat yoldaşım Sevda Məcidovanı Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbinə dəftərxana işçisi kimi düzəltmək adı ilə 2 min manat aldı. Həmin vaxt İlqar Cıraqov bizim yanımızda idi. Məmurə bu günə qədər pulumu qaytarmayıb".
“Yeni dərs ilinə qədər gözlədim”
Zərərçəkmiş şəxs Məmurəyə pulu məhz həyat yoldaşını dəftərxanaya düzətmək üçün verdiyini vurğulayıb: “Yeni dərs ilinə qədər ümid etmişəm ki, iş düzələcək, ona görə pulu tələb etməmişəm. Sentyabr ayında İlqar Çıraqovla görüşdüm. Onunla birlikdə Məmurə Pənahovanın evinə getdik. Lakin evdə heç kimi tapmadıq. Məmurədən hüquq mühafizə orqanlarına şikayət etmək istəsəm də, İlqar Çıraqov buna imkan vermədi.
Məmurə Pənahovanın kürəkəni Vüsalı da İlqar vasitəsilə tanıyırdım. Həmin vaxt Vüsal Türkiyədə olduğundan onunla əlaqə saxlaya bilmədim. Vüsal təxminən ay yarım sonra Türkiyədən gələndə məsələdən onu agah elədim. Bildirdim ki, Məmurə ilə əlaqə saxlasın, mənimlə görüşdürsün. Lakin söz verməsinə baxmayaraq, Vüsaldan xəbər çıxmadı.
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü bölməsinə şikayət etdim. Daha sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə yazdım. Polisə şikayət ərizəsi verməmişdən əvvəl İlqar Çıraqov Məmurə Pənahova ilə telefonda danışdı. Söhbət əsnasında məndə əminlik yarandı ki, bu qadın həyat yoldaşımı musiqi məktəbinə işə düzəldə bilər. Çünki bildirmişdi ki, qızı həmin məktəbə getmədən maaş alıb. Mənim də məqsədim həyat yoldaşımı işə düzəltmək idi".
Şahid qismində ifadə verən Vüsal Həsənov deyib ki, Məmurə Pənahovanın qızı ilə nikahdan kənar yaşayıb və iki övladları olub: “Tofiq Məcidovu dostum İlqar Çıraqov vasitəsilə tanımışam. 2011-ci ilin oktyabr-noyabr aylarında mən Türkiyədə olanda İlqarla tanışı Tofiq Məcidov internet vasitəsilə mənimlə əlaqə saxladılar. İlqar Məmurənin Tofiq Məcidovun həyat yoldaşı Sevda Məcidovanı Sumqayıt şəhərində Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbinə dəftərxana işinə düzəldəcəyinə söz verdiyini söylədi. Bununla əlaqədar onlara kömək etməyimi istədilər”.
Vüsal Həsənovun sözlərinə görə, onunla Məmurə Pənahova arasında da məhkəmə çəkişmələri olub. Mülk üstündə yaranmış mübahisədən sonra Türkiyəyə getdiyini deyən Vüsal Həsənov əlavə edib ki, Məmurə Pənahovaya onun yanında pul verilməyib.
Onun sözlərinə görə, Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbinin direktorunun yanında olub və həmin vaxt direktor ona bildirib ki, Məmurə Pənahovanın qızı musiqi məktəbində həqiqətən işləyib: “Məmurə Pənahovanın qızı ilə 2007-ci ildən 2012-ci ilin fevral ayına qədər münasibətim olub. Həmin münasibətlər qarşılıqlı razılaşma əsasında baş tutub”.
Hakimlər digər şahidlərin ifadəsini dinlədikdən sonra qərar açıqlayıblar. Sumqayıt Şəhər Məhkəməsinin Məmurə Pənahovanın barəsində çıxardığı hökm ləğv edilib və yeni hökm elan olunub.
Yeni hökmə əsasən, Məmurə Pənahovanın əməlində cinayət tərkibi müəyyən edilməyib və ona bəraət verilib. Məhkəmə belə nəticəyə gəlib ki, zərərçəkmişin Məmurə Pənahovaya pul verməsini sübuta yetirən kifayət qədər fakt yoxdur.
Hacı Zeynalov