Şirvan şəhərində oğurluq avtomobillə yol-nəqliyyat hadisəsi törədilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, dekabrın 17-də nazirliyin “102 Zəng Mərkəzi” Xidmətinə Şirvan şəhəri ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.
Aparılan araşdırmalarla Bakı şəhər sakini Xəyyam Həsənovun “VAZ-2106” markalı avtomobilinin şəhərin Naxçıvan küçəsindən qaçırıldığı məlum olub.
Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin şəhər ərazisində yol-nəqliyyat hadisəsi törətdiyi, “VAZ-2107” markalı avtomobillə toqquşduğu müəyyən edilib.
Hadisə yerindən qaçmağa cəhd göstərən sərxoş şəxs saxlanılaraq polis şöbəsinə gətirilib.
Araşdırmalarla onun şəhər sakini Səbuhi Həmidov olduğu, Naxçıvani küçəsində dayanan avtomobilin qapılarının açıq və açarının üzərində olduğunu görüb onu qaçırdığı, yüksək sürətlə işıqforun qırmızı işığında dayanan minik avtomobilinə çırpdığı müəyyən edilib.
Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla əlaqədar araşdırma aparılır.