Dələduzluqda təqsirləndirilən fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Onun barəsində cinayət işi ötən ilin noyabrında başlayıb.
Bakı şəhər sakini Qəzənfər Qəzənfərov Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Şikayətçi Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib.
Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra Mirəddin Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.
İttihama görə, Mirəddin Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib.
Mirəddin Ağayev elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, zərəri ödəyəcəyini bildirib.
Prosesdə zərərçəkmişlər də dindirilib. Onlar dəymiş zərərin ödənilməsini tələb ediblər.
Xatırladaq ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahin Ağayevin böyük qardaşıdır.