Bakıda voleybolçunu qətlə yetirməkdə ittiham olunan Qazax rayon sakini Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, bu il fevralın 24-də Hövsan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti mərhumun tanışı, 1985-ci il təvəllüdlü Namiq Vəkilovun törətdiyi müəyyən edilib. O, hadisədən bir gün sonra Qazax rayonu ərazisində tutulub.
Məlum olub ki, Namiq Vəkilov fevralın 24-də Anjelika Morozovanın Hövsan qəsəbəsindəki evinə gəlib. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Namiq Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub.
Anjelika Morozova tək yaşayıb, qapalı həyat tərzi sürüb. O, voleybolçu olub.
Namiq Vəkilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Prosesdə sərbəst ifadə verən Namiq Vəkilov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Onun vəkili Namiq Hacıyev vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxsin sonda ifadə verməsini istəyib. Məhkəmə müdafiəçinin vəsatətini təmin edib.
Daha sonra ölən şəxsin heç kimi olmadığı üçün hüquqi varis qismində Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi dindirilib. O, mərhumun tək yaşadığını, heç kimi olmadığını bildirib. O, təqsirləndirilən şəxsə layiqli cəza verilməsini istəyib.
Şahid qismində təqsirləndirilən şəxsin anası Xuraman Vəkilova ifadə verib. O bildirib ki, oğlu fəhləlik edib, öldürülən qadınla birlikdə eyni yataqxanada qalıblar: “Anjelika da mühafizəçi işləyirdi. Hadisə günü Anjelika mənə zəng eləmişdi. Xahiş elədi ki, ona borc pul verim. Mən də Namiqi çağırdım, 150 manat verdim ki, ona versin. Axşam oldu, polislər gəldi. Soruşdular ki, Namiq hardadır? Dedim, Anjelikagilə gedib. Elə bildim, Namiq pulu verməyib. Zəng etmək istəyəndə, polis dedi ki, Anjelikanı boğub öldürüblər”.
Xuraman Vəkilova oğlunun Anjelikanı öldürməsinə inanmadığını deyib: “Mənim oğlum cinayətkar ola bilməz. Bizim yataqxanamızı sökürdülər. Bu səbəbdən pul verilmişdi. Anjelikaya pula görə öldürüblər. Onu Elşən adlı adam öldürüb. Birinci Namiqə 30 min pul təklif ediblər ki, cinayəti boynuna al. Lakin oğlum razı olmayıb. Sonra məni və nəvələrimi öldürməklə şantaj etdilər.Oğlumu Qazaxa qaçırdıblar. Anjelikanın telefonunu Namiqə zorla veriblər”.
Şahid bildirib ki, onların Anjelika ilə münasibətləri çox yaxşı olub, o, bütün problemlərini onlara danışırmış: “Hətta bizə vəsiyyət eləmişdi ki, onu kimsəsizlər qəbiristanlığında basdırmasınlar. Ona görə də evində çılçıraqın içində 7 min manat saxlayırdı. Qonşulardan bir-iki adam bilirdi. O, öləndən sonra baxdıq, pul orda idi. Polis həmin pulu götürdü. Bizim yataqxanamızı sökəndə hamımıza 45 min manat verdilər. Anjelika da Elşənə 5 min manat borc vermişdi. O, həmin pulu Elşəndən ala bilmirdi. Məhz ona görə Anjelikanı öldürüblər. Anjelika 3 dəfə Elşəndən şikayət edib, axırıncı dəfə mənim yanımda şikayət edib”.
Xuraman Vəkilovanın sözlərinə görə, oğlu Namiq Vəkilovun əvvələrdə məhkumluğu olub: “Birinci dəfə orduda olanda qaçmışdı. Buna görə ona "dizbat" verilmişdi. Sonra da Qazaxda bir qızın ailəsi ilə problem olmuşdu. Məhkəmə 5 min manat cərimələmişdi”.
Digər şahid və cinayətdə adı hallanan Elşən Ələsgərov bildirib ki, dəmiryolunda fəhləlik edib, Anjelika ilə qonşu olub: “Anjelikanın heç kimi yox idi. Onunla heç bir düşmənçiliyimiz olmayıb. Onun özü də mühafizədə işləyirdi, 200 manat maaş alırdı. Anjelika yeməyini də bizdə yeyirdi. Yataqxana söküləndə bizə 45 min manat kompensasiya verdilər. Hərə özünə ev aldı. Anjelikaya ev alanda da kömək etmişik. Özü evi alan kimi gəldi və ev aldığını bildirdi. Mənim yoldaşım onun evinə pərdə hədiyyə verdi”.
Şahid bildirib ki, heç vaxt ondan borc pul almayıb: “Hadisə olan günü bizi polisə çağırdılar. Mənim adımı vermişdilər. Əl izlərimi, ifadəmi yoxladıqdan sonra məni azad ediblər. Orda hamıya məlum oldu ki, hadisəni qonşuluqda olan Namiq törədib. Mənim Namiqlə heç bir münasibətim olmayıb. Hadisə olan günü də mən Bakıda olmamışam. Səhəri gün gəlmişəm. Hadisə vaxtı telefon anteni ilə də mənim orada olmadığım sübuta yetib. Namiq deyir ki, ona zəng eləmişəm. Onun telefonunu da, mənimkini də yoxladılar ki, aramızda danışıq olmayıb”.
Təqsirləndirilən şəxsin vəkilin sualına cavab verən Elşən Ələsgərov qətlə yetirilən Anjelikanın ondan niyə polisə şikayət etdiyini izah edə bilməyib: “Bu barədə yoldaşım sizə deyəcək. Mən bu söhbəti yaxşı bilmirəm. Bizim heç kimə borcumuz olmayıb. Anjelika hardasa boş-boş danışıb”.
Daha sonra vəkil Namiq Hacıyev üzləşmə protokalları ilə bağlə şahidə suallar verib. Şahid bildirib ki, ondan kiminsə şübhələnməsini başa düşə bilmir.
Prosesdə fasilə elan edilib.