Bakının Balaxanı qəsəbəsində fərdi yaşayış evlərin birindən oğurluq olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinə məlumat verib.
Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxsin pəncərəni qıraraq içəri daxil olduğu və oradan 2500 ABŞ dolları oğurladığını bildirib.
Polis əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu sakini Həsən Abdullayev tutulub.
Saxlanılan şəxs oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu bildirib. O, qonşusunun evə gəlib-getmə vaxtını dəqiq bildiyi üçün mənzilə rahatlıqla daxil olduğunu qeyd edib.
Həsən Abdullayevin ətrafında həyata keçirilən əlavə istintaq-əməliyyat tədbirləri nəticəsində digər bir cinayətin də üstü açılıb. Onun bu il fevralın 28-də Ramana qəsəbəsində daha bir evə daxil olduğu və oradan 450 manat pul, eləcə də 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb.