21 Dekabr 2017 19:48
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yollarda və körpülərdə quraşdırılan divar işıqları və elektrik naqillərini oğurlayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinə rayon ərazisində yol kənarında divara quraşdırılan 29 ədəd işıq plafonunun naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Mustafayev, İlham Əhmədov və Nizami Cəbrayılov saxlanılıb.

Aparılan araşdırmalar zamanı onların əlavə olaraq noyabr-dekabr ayları ərzində Bakı Elektrik Şəbəkəsinə məxsus 140 metr elektrik naqilini, “Bakı Abadlıq Xidməti” MMC-nin balansında olan 27 ədəd divar işığı və 141 ədəd spot işıqlarını oğurladıqları da müəyyən edilib. Saxlanılan şəxslər ifadələri zamanı oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Qeyd edilən faktlarla bağlı Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov