Şamaxıda atasını öldürməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Qadir Cahangirovun cinayət işi üzrə məhkəmə prosesi başayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, hadisə bu il sentyabrın 3-də Şamaxı şəhəri, Vəli Məmmədov küçəsi, 52 saylı mənzildə baş verib. Rayon sakini Qadir Cahangirov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı atası,1947-ci il təvəllüdlü Arif Cahangirovu baltalayaraq öldürüb.
Başından və bədənindən ağır zərbələr alan Arif Cahangirov Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralı dünyasını dəyişib.
Cinayəti törədən Qadir Cahangirov atasını ağır vəziyyətdə gördükdə həmin balta ilə öz başına zərbə vurub. O, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirərək əməliyyat olunub. Alkoqol aludəçisi olan Qadir Cahangirovun hadisə zamanı içkili vəziyyətdə olduğu bildirilir.
Qadir Cahangirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləndən sonra hakim heyəti hazırlıq iclasının qərarını açıqlayıb. Qərarda göstərilib ki, cinayət işinin araşdırılması üçün məhkəməyə verilməsi düzgündür.
Hakimlər cinayət işinin araşdırmasını yanvarın 4-nə təyin ediblər.