Bakı-Sumqayıt yolundakı gecə klubunun qəsdən yandırıldığı məlum olub.
Teleqraf.com-un məlumatına görə, dekabrın 19-da Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki kafenin yanması faktı ilə əlaqədar görülmüş müvafiq tədbirlər və aparılan araşdırmalarla yanğının qəsdən törədildiyi müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayonunun Zərdabi kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Qənbəri Quba Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Abşeron rayon Polis İdarəsinə təhvil verilib.
Qeyd edək ki, hadisə dekabrın 19-da Abşeron rayonunun Saray qəsəbəsi ərazisində kafe kimi fəaliyyət göstərən ikimərtəbəli binada baş verib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Bildirilir ki, Sumqayıt şəhərində "Pəhləvanlar" kafesində baş verən yanğın nəticəsində ölən və xəsarət alan olmayıb. Hadisə yerinə FHN-in bir neçə yanğınsöndürən briqadası cəlb edilib.
Yanğın ərazisində bir nəfərin qaldığı barədə iddia var. Qeyd olunur ki, gecə klubunun həyətindəki "Kamaro" markalı maşın da yanıb.