26 Dekabr 2017 12:10
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muğanbank ASC-nin Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə ittiham aktını elan edilib.

İttihama münasibət bildirən Novruz Vəliyev özünü qismən təqsirli sayıb. O, zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini deyib.

Zərərçəkmiş Cavad Cavadov bildirib ki, Novruz Vəliyev ona yaxşı pul qazanmaq təklifi verib: “Buna görə ona 19 600 dollar pul verdim. Sonra heç nə qazanmadım. Novruz həmin puldan mənə heç nə qaytarmadı. 19 600 dollar pulumu tələb edirəm”.

Novruz Vəliyev isə Cavad Cavadova hissə-hissə 14 min manat pul qaytardığını deyib.

Şahid qismində ifadə verən Fərid Quliyev bildirib ki, Muğanbank ASC-nin “Nəsimi” filialında kassir işləyib.

Sonra işdən çıxarılan Fərid Quliyevin sözlərinə görə, kassir işləyəndə müdiri Natiq Teymurov olub: “Kassada həmişə 1 milyon dollar pul saxlanılırdı. Həmin məbləğ qeyri-rəsmi işlərdə istifadə edilirdi. Müəyyən şəxslərə verilirdi, onlar da götürdükləri pulun üstündə müəyyən məbləğlə qaytarırdılar. Həmçinin Novruz Vəliyev də belə edirdi. Kassadan bir neçə dəfə pul götürüb. Sonuncu dəfə mənə dedi ki, 60 min manat lazımdır, Natiq Teymurovun bundan xəbəri var”.

Fərid Quliyev qeyd edib ki, o, müdiri Natiq Teymurovun əmrlərini yerinə yetirib: “Novruz pulu istəyəndə müdirə zəng elədim. Amma iclasda olduğu üçün cavab vermədi. Mən də Novruza inandığım və mütəmadi pul götürdüyü üçün bu dəfə də imtina eləmədim”.

Şahidin sözlərinə görə, Novruz Vəliyevə pul verməsi barədə sonradan Natiq Teymurova məlumat verib. O, qeyd edib ki, müdiri onun Novruz Vəliyevə pul verməsinə inanmayıb.

Şahid bildirib ki, müdirin yanında Novruz Vəliyevlə üzləşiblər, Novruz pulu götürdüyünü təsdiqləyib.

Keçmiş bank əməkdaşı əlavə edib ki, onun barəsində də Cinayət Məcəlləsini 322-ci (özbaşınalıq) maddəsi ilə cinayət işi açılıb.

Növbəti proses yanvarın 4-də davam edəcək.

İttihama görə, Novruz Vəliyev tanışları - Kənan Nağıyev, Cavad Cavadov və Fərid Quliyevin etibarından sui-istifadə edərək, “Forex” maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib və dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verib.

O, aldatma yolu ilə həmin şəxslərdən ümumilikdə 332 min 200 manat məbləğində vəsaitlərini ələ keçirib.

İş üzrə zərərçəkmiş şəxs qismində Muğanbank ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb.

Novruz Vəliyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər