Sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin apelyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədərliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Dünyamin Xəlilovun cəzası 12 il 9 aya endirilib, Mənsur Zeynalovun cəzasının 4 il 6 aya endirilməsi barədə qərar qəbul edilib. Qalan təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində olan Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Mənsur Zeynalov 5 il müddətinə cəza kəsilib. Onlar məhkəmə zalında həbs edilib. Şakir Musayev, Rauf Əliyev və Ruslan Əsgərov 4 il müddətinə şərti cəza alıb.
Hökmdən narazı qalan Dünyamin Xəlilov və digər təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar bəraət hökmünün çıxarılmasını istəyiblər.
İttihama görə, Dünyamin Xəlilov Azərbaycan Beynəlxalq Bankı ASC İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub.
O, Səbail Mebel ASC-nin baş direktoru Seyfulla Seyfullayev, Aqora MMC-nin direktoru Fərhad Əmiraslanov, Kondor Qrup MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə cinayətkar qrup – mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakını qəsdlə və təkrar talayaraq mənimsəyib.
Dəstə üzvləri həmçinin Azərbaycan Beynəlxalq Bankına külli miqdarda ziyan vurublar.
Daha sonra təqsirləndirilən Rauf Əliyevin apelyasiya şikayətinin verilmə müddətinin bərpasına görə iş birinci instansiya məhkəməsinə qaytarılması istənilib. Məhkəmə vəsatəti təmin edib. Cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılıb.