26 Dekabr 2017 12:58
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda voleybolçunu qətlə yetirməkdə ittiham olunan Qazax rayon sakini Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Xatirə Şərifova ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxsi tanıyıb: “Namiq bizim evə gedib-gələn olub. Fevralın 22-də bizə gəlmişdi, gecəni bizdə qaldı. Səhər isə ona zəng oldu və bizdən getdi. Həmin vaxt bir az titrəyirdi. Ondan tutrəməsi barədə soruşdum. Dedi ki, qonşuda yaşlı kişi ölüb, ona görə birtəhərəm. Səhərisi qonşu zəng etdi, Anjelikanın öldürüldüyünü, Namiqin də qaçdığını söylədi”.

Xatirə Şərifova qeyd edib ki, Namiq Vəkilov onlara gələndə əlində telefon olub: “Ondan telefonu barədə soruşdum. Dedi ki, təzə almışam. Namiq uşağının qızılını satmaq istədiyini dedi. Amma qızılı mənə göstərmədi. Bildirdi ki, qızıl üstündə deyil”.

Şahid bildirib ki, Anjelika həmişə onun yanına gəlib ağlayarmış ki, Şəhlanın ona borcu var, qaytarmır, hətta onun əri Elşənin də adını çəkirdi.

Daha sonra şahid qismində Həyat Quliyeva ifadə verib. O, təqsirləndirilən şəxsi tanıdığını vurğulayıb. Şahid bildirib ki, hadisədən sonra Anjelika Morozovanın Nanmiq Vəkilov tərəfindən öldürüldüyünü eşidib.

Qeyd edək ki, Namiq Vəkilov ifadəsində Anjelikanı Elşən Ələsgərovun öldürdüyünü deyib. Elşən isə ifadəsində bunu inkar edib və bildirib ki, istintaq araşdırması ilə onun həmin zaman evdə yox, işdə olduğu sübuta yetirilib.

İttihama görə, bu il fevralın 24-də Hövsan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti mərhumun tanışı, 1985-ci il təvəllüdlü Namiq Vəkilovun törətdiyi müəyyən edilib. O, hadisədən bir gün sonra Qazax rayonu ərazisində tutulub.

Məlum olub ki, Namiq Vəkilov fevralın 24-də Anjelika Morozovanın Hövsan qəsəbəsindəki evinə gəlib. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Namiq Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub.

Anjelika Morozova tək yaşayıb, qapalı həyat tərzi sürüb. O, voleybolçu olub.

Namiq Vəkilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər