Azərbaycanda hüquq-mühafizə orqanları mal-qara oğurluğu ilə məşğul olan şəxslərin tutulması üçün əməliyyat tədbirləri keçirib.
Teleqraf.com xəbər verir ki, Qəbələ rayon Zarağan kənd sakini Barikə Məmmədova polis şöbəsinə müraciət edərək, ona məxsus 17 baş xırdabuynuzlu mal-qaranın oğurlandığını bildirib.
Əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Onların Qəbələ rayonu Zarağan kənd sakinləri İlkin Bəhərçinov, Şiralı Paşazadə və Anar Əliyev olduğu müəyyən edilib.
Aparılan araşdırmalarla məlum olub ki, onlar oğurladıqları heyvanları rayonun Tüntül kənd sakinlərindən birinin həyətində gizlədiblər. Oğurlanmış heyvanlar sahiblərinə qaytarılıb.
İmişli rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bəhrəmtəpə qəsəbəsi ərazisində Beyləqan rayon sakini Natiq Abdullayevə məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
Onun Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Məmmədov olduğu aydınlaşıb.
Ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, cari ilin oktyabr-dekabr ayları ərzində rayon ərazisində daha 2 baş qoyunu, 1 baş inəyi oğurlaması, həmçinin bir rayon sakininə məxsus “VAZ-2107” markalı avtomobili qaçırması da müəyyən edilib.
Polis əməkdaşları tərəfindən noyabrın 26-da avtomobilin qaçırılmasında onunla birgə iştirak etmiş qohumu da müəyyən edilib və Əliqulular kənd sakini Xəlil Xəlilov saxlanılaraq istintaqa təhvil verilib.
Daha bir əməliyyatı Bərdə rayon polis şöbəsi keçirib. Dekabrın 22-də rayon polis şöbəsinə müraciət edən bir nəfər rayon sakini iribuynuzlu ev heyvanlarının oğurlandığını bildirib.
Polisə müraciət etmiş şəxsin mal-qarasını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların Ağdam rayon sakinləri Coşqun Əliyev və Qəhrəman İsgəndərzadə olduğu edilib.
Onların vətəndaşlara məxsus 4 baş iribuynuzlu mal-qaranı bazar ərazisindən oğurladıqları məlum olub. Dindirilmə zamanı oğrular törətdikləri əməli etiraf ediblər.