Azərbaycandan Türkiyə 130 min manat dəyərində qızıl-zinət əşyaları və 190 min dollar pulu qaçaqmalçılıq yolu ilə aparmaqda təqsirləndirilən dəstə üzvləri - İlqar Əbilov, Elvin Yusubov, Rəşad Nəsibov və Kamran Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin cinayət işində olan sənədlər tədqiq edilib.
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Çıxış üçün prokuror Fərid Nağıyevə vaxt verilib.
Proses yanvarın 11-də davam edəcək.
İttihama görə, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda, yəni 190.000 ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində, ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələri qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları Elvin Yusubov, Rəşad Nəsibov, İlqar Əbilov və Kamran Əhmədov saxlanılıblar.