Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tuncay Vəzirzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində Alıcan Abbasov ifadə verib.
O, təqsirləndirilən şəxsi məhkəmə zalında tanıdığını deyib. Bildirib ki, zərərçəkmiş Rüfət Həziyev onun qonşusudur: “Hadisədən əvvəl qardaşım Ayaz Tuncayla mübahisə edib. Həmin vaxt orada olmamışam, bu barədə eşitmişəm”.
Daha sonra şahid qismində ifadə verən Amid Feyzullayev bildirib ki, “Topaz”da işləyir: “Hadisə zamanı Tuncay “Topaz”da olan mətbəxtdən bıçağı götürüb. Həmin zaman mən özüm orada olmamışam”.
Tuncay Vəzirzadə də bıçağı “Topaz”dan götürdüyünü təqsiqləyib: “Həqiqətən bıçağı oradan götürdüm. Həmin vaxt o, orada yox idi. Bıçağı götürən zaman heç kəs görmədi”.
İttihama görə, Tuncay Vəzirzadə ötən il oktyabrın 7-də Yasamal rayonu ərazisində aralarında yaranan münaqişə zəmnində əvvəllər tanımadığı Rüfət Həziyevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan Rüfət Həziyevi xilas etmək mümkün olub.
Daha sonra Tuncay Vəzirzadə saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Məlum olub ki, Tuncay Vəzirzadə Rüfət Həziyevun onun qardaşı Eltun ilə mübahisə etməsi haqqında məlumat alıb. Hadisə baş verən günü Tuncay Eltun ilə Rüfəti barışdırmaq üçün Yasamala gəlib.
Tuncay onları barışdırmağa cəhd etsə də, Rüfətlə Eltun yenidən mübahisə ediblər. Hava qaranlıq olduğu üçün Tuncay elə bilib ki, Rüfətin əlində bıçaq var.
Buna görə də Tuncay yaxınlıqdakı “Topaz”dan bıçaq götürərək onların yanına gəlib. Tuncay ora gələndə Rüfətlə Eltun əlbəyaxa dava edirmişlər.
Buna görə də Tuncay Rüfətə bir bıçaq zərbəsi vurub və bundan sonra Eltunu davadan ayırıb. O, qardaşını götürərək evlərinə aparıb.
Tuncay Verdizadə 2011-ci ildə yunan-roma güləşi üzrə Avropa çempionu olub. O, güləş üzrə Azərbaycan yığmasının üzvü olub.
Zərərçəkmiş Rüfət Həziyev də güləşçi olub.