Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən Şirvan şəhərində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün şəxsiyyətinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçiriib.
Yanvarın 3-də saat 7 radələrində Şirvan şəhəri ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada Nüşabə Xəlilovanı vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada vəfat etməsi faktına görə şəhər polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış tədbirlər nəticəsində yol nəqliyyat hadisəsinin “Mitsubishi L 200” markalı 90 CF 054 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Sabirabad rayon sakini Emin Abbasov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.
Emin Abbasov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.