5 Yanvar 2018 16:57
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq səhiyyə naziri Əli İnsanovun kasasiya şikayətinə yanvarın 16-da baxılacaq.

Teleqraf.com xəbər verir ki, sabiq nazirin şikayəti Ali Məhkəmədə hakim Fərhad Kərimovun icraatına verilib.

Sabiq nazirin vəkili Toğrul Babayev bildirib ki, müvəkkili prosesdə iştirak etmək istəmir və bu səbəbdən məhkəməyə yazılı ərizə göndərib.

Qeyd edək ki, Ali Məhkəmə ötən ilin noyabrında kasasiya şikayətinə baxılan zaman prokuror cinayət işi ilə tanış olması üçün vaxt istəmişdi. O, cinayət işinin həcmcə böyüklüyünü, icraatında da çox iş olduğunu, ona görə də işlə tanış olmaq üçün uzun müddət vaxt verilməsini xahiş etmişdi. Həmin vaxt məhkəmə prosesinin qeyri-müəyyən vaxtadək təxirə salınmasına Əli İnsanov etiraz etmişdi.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən sabiq nazirin vəkilləri apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə şübhəli bilinərək həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib.

Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yenidən cinayət işi başlanıb. Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir.

Əli İnsanov ittihamları qəbul etmir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər