Bakıda həyat yoldaşını öldürməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Cəlilabad rayon sakini Nuridə Kərimovanın hökmündən prokurorluğun verdiyi kasasiya protestinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə prokurorun protesti üzrə qərar elan edilib.
Qərara görə, prokurorun Nuridə Kərimovanın cəzasının ağırlaşdırılması ilə bağlı kasasiya protesti təmin edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Nuridə Kərimova barəsində bəraət hökmü çıxarıb. Seçilmiş həbs tədbiri ləğv edilib, qadın məhkəmə zalından azadlığa buraxılıb.
Bu hökmdən prokuror apelyasiya protesti verib. Prokurorun protesti bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutan prosesdə araşdırılıb. Hakim heyəti prokurorun protestini təmin etməyib.
İstintaq orqanını gəldiyi nəticəyə görə, ötən il iyulun 23-də Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən arvadı Nuridə tutulub.
Məlum olub ki, Vüqar Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlir və ailəyə yaxşı baxmırmış.
İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqarla Nuridə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və ona zərbələr endirib.
Hadisədən dərhal sonra evə gələn qonşular təcili tibbi yardıma müraciət etsələr də, artıq gec olub. Cütlüyün 4 yaşlı qızı qalıb. Hadisə vaxtı azyaşlı qız ana babasının evində olub.