6 Yanvar 2018 13:54
1 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qısqanclıq zəminində anasını öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabovun barəsində olan hökmdən verilmiş kasasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi 2015-ci ilin iyul ayının 6-da Nizami rayonunda baş verib.

Rayonun Mehdi Abbasov küçəsi, ev 33-də yaşayan Siyavuş Zöhrabov qısqanclıq zəminində 1970-ci il təvəllüdlü anası Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən şəxs Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

Siyavuş Zöhrabov anasına təxminən 10 bıçaq zərbəsi vurub. İstintaqın gedişatından məlum olub ki, Tahirə Zöhrabova bir müddət əvvəl ərindən boşanıb, üç uşaqdan ikisi atası, Siyavuş Zöhrabov isə anası ilə yaşayıb.

O, ilkin ifadəsində anasının telefonda başqa bir şəxslə mesajlaşmasını gördüyünü bildirib. Qətli də bu səbəbdən törətdiyini deyib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Siyavuş Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qərardan narazı qalan məhkum apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi onun apelyasiya şikayətini təmin etməyib. Siyavuş Zöhrabov daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Siyavuş Zöhrabovun kasasiya şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər