Türkiyənin Kırıkkale şəhərində 16 yaşlı məktəblinin törətdiyi cinayət illərlə davam edən ailə faciəsini üzə çıxarıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, şərab evi sahibi üç uşaq atası, 44 yaşlı Səlim E.-nin daim sərxoş olub, həyat yoldaşı və uşaqlarına qarşı fiziki zorakılıq göstərdiyi məlum olub.
Bir gün yenə evə sərxoş qayıdan ata səbəbsiz yerə 26 illik həyat yoldaşı Zahir E. və oğlu Əhmədlə mübahisə edib. Daha sonra hər ikisini döyərək, pullarını alıb və onları evdən qovub. Sonrakı gün digər övladı 16 yaşlı Bilgə Kaanın məktəbdən çıxmasını istəyib. Müsbət cavab almadığı üçün onu da döyüb. Növbəti gün yenə sərxoş vəziyyətdə evə qayıdan Səlim E. bir gün əvvəl evdən qovduğu həyat yoldaşı və oğlunu yenidən təhqir etməyə başlayıb və kiçik oğlu Kaanı döydükdən sonra yuxuya gedib. Kaan buna dözməyərək atasının silahını götürüb və ona atəş açıb. Atasını öldürdükdən sonra polisə təslim olub.
Məktəbli atasını öldürdüyü üçün peşiman olduğunu deyib:
“Hadisə günü o yenə də sərxoş idi. Məni döydü, böyük qardaşım və anamı təhqir etdi. Yatdıqdan sonra da hirsim soyumadığı üçün onu vurdum. Məktəbi tərk etməyi istəmədiyim üçün məni döydü. Polisə gedərək “deyəsən atamı öldürdüm” deyib təslim oldum”.
Oğlanın anası uzun illərdir davam edən faciə haqqında danışıb:
“Uşaqlarımın gözləri qarşısında məni döyüb, “izləyin!” deyərdi. Uşaqlarımın xətri üçün səsimi çıxarmazdım. Hadisələrin bütün səbəbkarı ərimdir. Oğlumdan şikayətçi deyiləm. Onu əfv edin”.
Prokuror isə B.Kaanla bağlı “yaxın qohumunu qəsdən öldürmə” maddəsi ilə cinayət işi açıb və onun 24 ilədək həbs olunmasını təiləb edib.