Sumqayıt şəhər Polis İdarəsinin ötən gün keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Teleqraf.com xəbər verir ki Sumqayıt şəhər sakini olan bir qadının bank hesabından pul cıxarılaraq oğurlanması barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.
Şəhər Polis İdarəsi 3-cü polis bölməsi əməkdaşları müvafiq tədbirləri nəticəsində şəhər sakini İlahə Abbasovanın bank hesabından 75 manatın cıxarılaraq oğurlandığı məlum olub.
Həmin pulu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Qasımov saxlanılıb.
Əməliyyat tədbirləri ilə onun ötən ilin dekabr ayının 10-dan 28-dək olan müddətdə şəhər ərazisində 1 avtomobildən ərzaq məhsulları, 1 qadına məxsus, içərisində 200 manat olan pulqabı, “Mitsubishi” markalı avtomobildən akkumulyator, 2 velosiped, habelə qəbiristanlıqların birindən məzarın üzərindəki süni gülləri oğurladığı da müəyyən edilib.
Həyata keçirilmiş digər əməliyyat tədbirləri ilə şəhər sakini olan bir qadının cibindən mobil telefon, 1 həyətyanı sahədən geyim əşyaları, 1 internet klubdan 10 ədəd yaddaş qurğusu, habelə qəbiristanlıqlardan birindən məzarın üzərindəki 2 ədəd mərmər güldanı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Mürsəlov saxlanılıb.
Faktlarla bağlı cinayət işləri başlanıb.