Pentensiar Xidmət Qobustan qapalı həbsxanasında kütləvi aclıq aksiyasının keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bununla əlaqədar müəssisə və xidmət rəhbərliyinə heç bir rəsmi müraciət daxil olmayıb.
Bildirilir ki, ədliyyə polkovniki Fikrət Qafarovun Həbsxanaya rəis təyin edilməsi ilə bağlı Penitensiar xidmət tərəfindən artıq ictimaiyyətə məlumat verilib. Kütləvi informasiya vasitələrinə ötürülən bu cür əsassız məlumatlar isə Həbsxananın yeni təyin olunmuş rəisi tərəfindən Daxili İntizam Qaydalarının tələblərinə uyğun həyata keçirilən tədbirlərə, rejim qaydalarını pozmağa meylli və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların yaxınları tərəfindən göstərilən reaksiyadır. Penitensiar xidmət olaraq bildiririk ki, bütün qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır.
Qeyd edək ki, ötən gün səhər saat 6:00-dan etibarən məhbuslar Qobustan qapalı həbsxanasında kütləvi aclıq aksiyasına başlaması barədə bəzi kütləvi informasiya vasitələrində məlumat yayılıb. Məlumata görə, buna səbəb isə həbsxanaya yeni təyin olunmuş rəis Fikrət Qafarovun məhbuslarla kobud davranışı və qanunsuz əməlləridir. Məhbuslar aclıq aksiyası ilə bağlı ədliyyə generalı Mədət Quliyevə müraciət ünvanlayıblar.
Hacı Zeynalov