10 Yanvar 2018 12:20
2 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda adam öldürməkdə təqsirləndirilən Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, ötən il sentyabrın 9-da Bakı-Şamaxı magistral yolunun 10-cu kilometrliyində, Sulutəpə dairəsində üzərlərində müxtəlif dərəcəli zorakılıq xəsarətlər olan kişi və qadın meyitlərinin aşkar edilməsi barədə məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb.

Aparılmış ilkin araşdırmalarla meyiti tapılan şəxslərin Qaradağ rayonunun Müşfiq qəsəbə sakinləri - Allahverdi Əsədov və qızı Samirə Əsədova olmaları müəyyən edilib.

Prokurorluq və polis orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən, Samirə Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərində olan Sahib Hacıyev tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, Sahib Hacıyev sentyabrın 9-da idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili ilə Allahverdi Əsədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobili təqib etdikdən sonra Samirə Əsədovanın maşına oturmasının qarşısını almaq üçün avtomobilini Allahverdi Əsədovun avtomobilinin arxasına qəsdən vurub.

Sonra avtomobildə gəzdirdiyi mətbəx bıçağı ilə əvvəlcə Samirə Əsədovaya, sonra isə Allahverdi Əsədova bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerini tərk edib. Hər iki şəxs aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə ittiham edilir.

İttihama münasibət bildirən Sahib Hacıyev özünü təqsirli bilib: “Törətdiyim əməldən peşmanam. Qadını qısqanclıq zəminində öldürdüm. Onun atası da yaxın münasibətdə olduğumuzu bilirdi. Sonra Samirəni qısqandığım üçün öldürdüm. Atasını da oradı idi deyə bıçaqla vurdum. Əvvəl ora gedəndə öldürmək məqsədim yox idi”.

Daha sonra ifadə verən qətlə yetirilən qadının qardaşı Xalid Əsədov bildirib ki, ona zəng edərək qətl barəsində deyiblər: "Hadisə yerinə gələndə artıq gec idi. Bacım Samirə 2016-cı ildə mənə ərə getmək istədiyini dedi. Buna razı oldum. Onlar ailə qurandan sonra bildim ki, Sahib daha əvvəl evli olub. Atam bacımın onunla evlənməsinə razı deyildi. Atam dəfələrlə Sahibi döyüb və evdən qovub”.

Növbəti proses yanvarın 17-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər