10 Yanvar 2018 17:00
4 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Aynurə Rüstəmova ötən il qızı Cəmalə Həmidovanı bıçaqlayıb. Buna səbəb qızının anasından icazəsiz çimərliyə getməsi olub. Xəstəxanaya çatdırılan yaralının həyatı xilas edilib.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Aynurə Rüstəmova barəsində həbs qətimlan tədbiri seçilməyib.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

İki qız anası olan Aynurə Rüstəmova özünü təqsirli bilib. Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə zamanı həyat yoldaşı evdə yataq xəstə olub: “Evdə söz-söhbət oldu deyə həmin hadisə baş verdi. Qızım Cəmalə qapının qarşısında dayanmışdı. Ona dedim ki, gəl, bu tərəfə keç, amma mən deyəni etmədi. Sonra da məlum hadisə baş verdi”.

Hakim Aynurə Rüstəmovanın istintaqa verdiyi ifadəsini elan edib. O, dindirilmə zamanı istintaqa həyat yoldaşından ayrı yaşadığını deyib: “Evlərdə xadiməlik edirəm, uşaqlarımı əziyyətlə böyütmüşəm”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, böyük qızı onun sözlərinə qulaq asmayıb: “Axşam tərəfi qızım çimərliyə getdi, oradan da gec qayıtdı. Gələn kimi evin ikinci mərtəbəsinə qalxdı. Onu çağırdım ki, niyə icazəsiz çimərliyə getmisən, həm də gec gəlmisən. Qızım mənə qulaq asmadı, onu bıçaqla vurdum”.

Aynurə Rüstəmova ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Bildirib ki, cinayət işində zərərçəkmiş qismində adı keçən qızı Cəmalə Həmidova hazırda ölkə xaricindədir: “Qızım işi ilə əlaqədar Türkiyəyə gedib. Bu ayın 20-dən sonra Bakıya qayıdacaq. Nəsə bilet problemi yaranıb deyə gələ bilmir. Özü də gəlib məhkəmədə ifadə verəcək və hadisənin necə baş verdiyini danışacaq”.

Təqsirləndirilən qadın bıçaqladığı qızının xanəndə olduğunu bildirib.

Hakim deyib ki, zərərçəkmiş Cəmalə Həmidova növbəti məhkəmə iclasına gəlməsə, onun barəsində məcburi gətirilmə qərarı çıxarılacaq.

Növbəti proses yanvarın 23-də davam edəcək.


Müəllif: Hacı Zeynalov