11 Yanvar 2018 12:19
1 693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda voleybolçu Anjelika Morozovanı qətlə yetirməkdə ittiham olunan Qazax rayon sakini Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində ifadə verən Sevinc Babayeva bildirib ki, Namiq Vəkilovu tanımır. O, qətlə yetirilən Anjelika Morozovanı tanıdığını bildirib.

Şahidin sözlərinə görə, Anjelika fevralın 21-də onlara gəlib və köhnə soyuducunu aparıb: “Dedi ki, soyuducunu düzəltdirəcəm. Hadisə günü gördüm ki, onun həyətində işıq yanır, təəccübləndim. Çünki heç vaxt işıq yandırmırdı, səhəri gün gördüm mətbəxdə də işıq yanır. Yaxınlaşaraq baxmaq istəyəndə, gördüm ki, qaz sayğacı da açıqdı. Bir gün sonra Solmaz mənə zəng edəerək bildirdi ki, Anjelika neçə gündür telefonlara cavab vermir. Anjelika mənə demişdi ki, Nailəgildə olacaq. Onlarla da danışdıq, dedi, bizdə yoxdu. Solmazla birlokdə onun evinin qapısını döydük, açan olmadı. Bizə demişdi ki, çiməcəyəm, elə bildik qazdan boğularaq ölüb. Qapını aça bilmədik”.

Şahidin ifadəsinə görə, qapını aça bilmədikləri üçün polisə zəng ediblər: “Anjelika mənə özü demişdi ki, Elşən ondan 4700 manat borc alıb, amma qaytarmayıb. Bir dəfə də pulu istəmək üçün Elşəngilə bir yerdə getdik. Arvadı Şəhla məni evdən qovdu, sonra da Anjelika gəldi. O dedi ki, Şəhla ona “nə vaxt tək gəlsən, onda bu haqda danışarıq” deyib. Bir-iki dəfə də ona zəng gəlmişdi, danışanda Namiq adı çəkilmişdi. Kim olduğunu soruşdum, dedi yataqxanada qonşu idik, arada bu tərəflərə gələndə bizdə kofe içir”.

Digər şahid Nailə Məmmədova bildirib ki, özü də, Anjelika Morozova da idmançı olub. Onun sözlərinə görə, qadın futbolu oyunu zamanı tanış olublar: “Hadisədən bir gün əvvəl yoldaşımla Anjelaikagilə gedərək soyuducusuna baxdıq, xarab idi. Yoldaşım Samir ustadır. Biz ordan çıxanda Anjelika dedi ki, çiməcək, mən dedim qazdan boğularsan, ehtiyatlı ol. Səhəri gün “odnoklassniki”ə girəndə gördüm ki, Anjelika orada yoxdur. Buna görə də narahat oldum. Çünki hər dəqiqə orda olurdu. Sevincə zəng edərək Anjelikanı soruşdum. Sonra birlikdə evinə getdik. Qapı bağlı idi, polisə xəbər verdik. Bəlli oldu ki, o, boğularaq öldürülüb”.

Digər şahid Sürayyə Məmmədova bildirib ki, Namiq Vəkilov ona Anjelika Morozovanın 250 manat borcu olduğunu deyib: “Namiqdə telefon var idi. Ondan telefonu haradan aldğını soruşdum. Dedi ki, mənim fala baxan qadınım var, telefonu da o alıb. Ona zəng gəldi, nəsə polis sözü işlətdi, həmin vaxt əsməyə başladı. Dedim ki, nə baş verib. Bildirdi ki, Anjelikanın müdiridir, deyir maaşını götürsün”.

Növbəti proses yanvarın 18-də davam edəcək.

İttihama görə, bu il fevralın 24-də Hövsan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti mərhumun tanışı, 1985-ci il təvəllüdlü Namiq Vəkilovun törətdiyi müəyyən edilib. O, hadisədən bir gün sonra Qazax rayonu ərazisində tutulub.

Məlum olub ki, Namiq Vəkilov fevralın 24-də Anjelika Morozovanın Hövsan qəsəbəsindəki evinə gəlib. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Namiq Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub.

Anjelika Morozova tək yaşayıb, qapalı həyat tərzi sürüb. O, voleybolçu olub.

Namiq Vəkilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov