11 Yanvar 2018 14:24
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində təqsirli bilinən 1981-ci il təvəllüdlü İsmayıllı sakini Ramil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ramil Vəliyev 16 fevral 2017-ci ildə idarə etdiyi “Ford Transit” markalı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 80-ci kilometrliyində yol hərəkəti qaydasını pozub.

O, sürət həddini aşaraq əks-hərəkət zolağına çıxıb, qarşıdan gələn Həmidpaşa Cəbrayılovun idarə etdiyi “Mercedes Bens E 220 CDİ” markalı avtomobillə toqquşub.

Ramil Vəliyevin sərnişin İkram Adıgözəlov hadisə yerində ölüb. Həmidpaşa Çəbrayilov, onun sərnişini Səidə Həbibova xəsarətlə xəstəxanaya yerləşdiriliblər. İstintaq sənədlərinə görə, əzilən avtomobilin sahibi Həmidpaşa Cəbrayılova 4930 manat, Ramil Vəliyevin idarə etdiyi avtomobilin sahibi Hökümə Quliyevaya 5670 manat maddi ziyan dəyib.

İstintaq araşdırması zamanı yol-nəqliyyat hadisəsinin törədilməsində Ramil Vəliyev təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Hər iki zərərçəkmiş bununla bağlı Ramil Vəliyevə qarşı mülki iddia qaldırıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Vəliyev 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 il cəzaya məhkum olunub.

Məhkəmə zərərçəkmiş Həmidpaşa Cəbrayılovun mülki iddiasını təmin edib, Ramil Vəliyevdən 4930 manat pulun tutulması qərara alınıb, digər zərərçəkmişin hüquqi varisi Əzim Adıgözəlovun mülki iddiası baxılmamış saxlanıb.

Hökmdən narazı qalan Ramil Vəliyev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Zərərçəkmiş Əzim Adıgözəlov da apelyasiya şikayəti verib. Tərəflərin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Ramil Vəliyevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 6 ilə, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olma müddəti isə 5 ildən 3 ilə endirilib.

Zərərçəkmişlərin mülki iddiaları təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər