15 Yanvar 2018 12:13
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arvadı dələduzluqda təqsirləndirilərək həbs edilən keçmiş polis rəisi Mahir Əkbərov barəsində daha bir cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi Narkotiklərlər mübarizə söbəsinin keçmiş rəisi olan polis mayoru Mahir Əkbərovun işi üzrə Yasamal rayon Məhkəməsində araşdırma aparılıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə Mahir Əkbərov Cinayət Məcəlləsinin 147.1-ci (böhtan yayma) maddəsi ilə təqsirli bilinib. O, 500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Mahir Əkbərovun həyat yoldaşı Leyla Əkbərova vətəndaşlardan 150 min manat pul alaraq dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilib.

O, vətəndaşları işə düzəltmək, universitetə qəbul etdirmək, diplom almasına kömək göstərmək vədləri verməklə bu əməlləri törədib.

Zərərçəkənlərdən biri olan Anara Məmmədova bildirib ki, ondan işə düzəltmək adı ilə 100 min manatdan çox pul alıb. Bu işdə Mahir Əkbərovun anası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləyən Nigar Əkbərovanın da adı hallanıb. O, həm istintaqda, həm də məhkəmədə şahid kimi ifadə verib.

Bu məhkəmə prosesi ərəfəsində Mahir Əkbərov mətbuata açıqlama verərək zərərçəkmiş Anara Məmmədova və həyat yoldaşı Dəyanət Məmmədov haqda ittihamlar irəli sürüb. O iddia edib ki, Dəyanət Məmmədov işlədiyi şirkətdə maliyyə maxinasiyalarına yol verərək əlavə qazanc əldə edir və özünü yüksək vəzifəli şəxslərin yaxın adamı kimi təqdim edir.

Bundan sonra Dəyanət Məmmədov Yasamal rayon Məhkəməsinə müraciət edib. O, Mahir Əkbərov barəsində xüsusi ittiham qaydasında şikayət edib və səsləndirdiyi fikirlərin yalan olduğunu bildirib.

Xatırladaq ki, Leyla Əkbərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verdiyi apelyasiya şikayəti təmin edilmyib və hökm qüvvədə saxlanılıb.

Bu məhkəmə prosesindən sonra zərərçəkmiş Anara Məmmədova prokurorluğam rəsmi qaydada ərizə ilə müraciət edib. O, Mahir Əkbərovun arvadı ilə əlbir olmaqda, onun barəsində dələduzluq və rəsmi sənədləri saxtalaşdırma ittihamı ilə cinayət işi başlanmasını istəyib.

Lakin prokurorluqda aparılan araşdırmalardan sonra Mahir Əkbərovun barəsində olan cinayət təqbinə xitam verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər