24 Yanvar 2018 17:30
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən və məhkəmənin hökmü ilə bəraət alan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə Rövşən Əhmədov yeni vəkil – Türkel Süıeymanlı ilə müqavilə bağlayıb.

Vəkil orderi məhkəməyə təqdim edib və işlə tanış olmağa vaxt istəyib. Rövşən Əhmədov bundan əvvəl onu müdafiə edən vəkillərindən imtina edib.

Növbəti proses yanvarın 26-da davam edəcək.

Qeyd edək ki, Rövşən Əhmədov ötən il dekabrın 21-də axşam saatlarında çoxlu sayda həblər içərək intihara cəhd göstərib. O, Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Bundan sonra, dekabrın 26-da gecə saatlarında Rövşən Əhmədov müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) palata yoldaşının sistem şüşəsini sındıraraq, əl-qolunu və boyununu kəsib.

Hadisə yerinə gələn həkimlər onun intihar etməsinin qarışısını alıblar. Daha sonra Rövşən Əhmədov Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasına köçürülüb.

Bu il yanvarın 8-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Rövşən Əhmədovun barəsində həbsli axtarış elan edilib. Qərarın icrası ilə bağlı Rövşən Əhmədov saxlandığı 1 saylı psixiatriya xəstəxanasından tutularaq Bakı istintaq təcridxanasına köçürülüb.

Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya qarşı mənimsəmədə ittiham edilib.

İttihama aktına əsasən o, qohumu Çingiz Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sonradan cinayət işinin istintaqının davamı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti verib.

Xatırladaq ki, Rövşən Əhmədov azadlığa buraxılandan sonra sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib.

Daha sonra Çingiz Baxşıyev Nərimanov Rayon Məhkəməsinə müraciət edib. O, ərizəsində qeyd edib ki, Rövşən Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib.

Çingiz Baxşıyev şərəf və ləyaqətinin alçaldığını bildirərək, Rövşən Əhmədova Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib.

Məhkəmənin hökmü ilə Rövşən Əhmədov 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilib və onun barəsində polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib.

Bu qərardan narazı qalan Rövşən Əhmədov apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Rövşən Əhmədovun şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər