25 Yanvar 2018 11:33
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda mülk üstündə 76 yaşlı atasını öldürməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Xəlil Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Xəlil Dadaşov 1940-cı il təvəllüdlü atası Fərhad Dadaşov və 1948-ci il təvəllüdlü anası Şəkurə Dadaşova ilə birgə Astara şəhərində yaşayıb.

Onların evi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınıb.

Xəlil Dadaşov 18 fevral 2017-ci il tarixli çıxarışla valideynlərinin razılığı ilə ailə quraraq ayrı yaşayan qızının adına sənədləşdirib və mülkiyyət hüququnu təsdiq edən sənədləri Gəncə şəhərində yaşayan qızına göndərməyi qərarlaşdırıb.

O, həmin ilin mayın 8-də səhər saatlarında yaşadığı evdən çıxaraq yaxınlıqdakı mağazadan spirtli içki alıb, evə qayıtdıqdan sonra yeyib içib.

Həmin gün saat 14 radələrində yaşadığı mənzilə dair mülkiyyət hüququnu təsdiqləyən sənədləri Gəncə şəhərində yaşayan qızına göndərmək üçün evdə saxladığı yerdən götürən Xəlil Dadaşov həmin sənədi mənzilin qonaq otağındakı masanın üzərinə qoyub. Qısa müddətə otaqdan çıxıb geri qayıdan Xəlil Dadaşov sənədlərin masanın üzərindən oğurlandığını, bunu onun mütəmadi olaraq sərxoşluqla məşğul olduğuna görə və bu zəmində evdə mübahisə yaratmasına narazı qalan valideynləri tərəfindən törədildiyini iddia edib.

Bu zaman Xəlil Dadaşov yataq xəstəsi olan atası Fərhad Dadaşovdan qisas alaraq onu öldürmək qərarına gəlib.

Bu niyyətlə çarpayıda oturaq vəziyyətdə olan atasının üzərinə gedərək əl və təpiklə ona ardıcıl zərbələr endirib. Sonra o, bıçağı götürərək atasına çoxsaylı zərbələr vurub.

Fərhad Dadaşov ağır xəsarətlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, mayın 10-da xəstəxanada vəfat edib.

İstintaq orqanı tərəfindən Xəlil Dadaşova Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəlil Dadaşov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Xəlil Dadaşov apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsüf edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Şirvan Apelyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Şikayət təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər