15:07
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu Arif Rəhimovun cinayət işi məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə məhkəməyə mülki iddiaların daxil olduğu elan olunub.
Zərərçəkmiş Xalid Məmmədov 13 min 800 manat və 5 min dollar maddi, 40 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.
Digər zərərçəkmiş Gülnaz Əliyev 22 800 manat maddi, 10 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.
Zərərçəkmiş Vahir Məmmədov isə 6 min maddi, 5 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.
Hazırda proses davam edir.
***
İttihama münasibət bildirən Arif Rəhimov özünü qismən təqsirli bilib.
O bildirib ki, tələbə yoldaşları ilə birgə avtomobildə olarkən qəzaya düşüb: “Mən yolun sağı ilə gedirdim, arxam da boş idi. Sürətin neçə olduğunu bilmirəm, müstəntiq dedi, saatda 100-lə getmisəm, mən də hər şey tez bitsin deyə razılaşdım. Qarşımda “Şaqman” qəfildən sağa dönmək istədiyi üçün mən məcbur qalıb sol zolağa çıxdım. Mən elə bildim ki, “Prado” ilə toqquşmuşam, amma “Opel”i vurmuşdum.
Bizim maşındakılar salamat olduğu üçün elə bildim, o birilər də yaxşıdı. Sonra onlara yaxınlaşıb nəbzini yoxladım, artıq dünyalarını dəyişmişdilər”.
Arif Rəhimov qeyd edib ki, həmin vaxt hadisənin şokunda olub, özü də yaralanıb: “Amma təcili yardım maşını ilə getmədim, orada qaldım. Mən tibbi yoxlamaya axşam getdim. Ölənlərə rəhmət diləyirəm, qalanlara da can sağlığı”.
Arif Rəhimov bildirib ki, atası Qalib Rəhimovun “Subaru” markalı maşınını etibarnamə olmadan idarə edib.
Hakim Cavid Hüseynov Arif Rəhimovun atası Qalib Arifin prosesə yerindən müdaxilə etdiyi üçün xəbərdarlıq edib.
Hazırda proses davam edir.
İttihama görə, ötən il sentyabrın 7-də Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub, daha sonra idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin “Opel” markalı avtomobinə çırpılıb.
Füzili Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, Arif Rəhimov və 1 sərnişin xəstəxanaya yerləşdirilib.
Arif Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Xatırladaq ki, qəzanın səbəbkarı olan Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğludur. Hadisə Arif Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib.