“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləmiş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə bəzi şahidlərin gəlmədiyi məlum olub.
Hakim bildirib ki, iş üzrə 69 nəfər şahid var, onlardan 13-ü dindirilib. Hakimin sözlərinə görəi, dindirilməyən şahidlərə məktub göndərilib, amma məhkəməyə gəlmirlər.
Hakim həmçinin Leyla Şıxliniskaya məhkəməyə gəlməsi üçün sonuncu dəfə xəbərdarlıq ediləcəyini deyib.
Məhkəmə şahidlərin prosesə məcbur gətirilməsi barədə qərar çıxarıb.
Növbəti proses fevralın 8-də davam edəcək.
“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.
Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.
“Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.