Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Səbuhi Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Səbuhi Rəhimov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən ilin mayında Xətai rayonunun NZS qəsəbəsində baş verib. Həmin qəsəbədə yaşayan Səbuhi Rəhimov həyat yoldaşı, 27 yaşlı Aynur Rəhimovanı qısqanclıq zəminində döyüb. Qadın təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
İlkin müayinələr zamanı Aynur Rəhimovada başın təpə nahiyyəsində müxtəlif xəsarətlər aşkar edilib. İlkin yardım alan 27 yaşlı qadın xəstəxanada qalmaq istəmədiyini bildirib və ambulator müalicəyə buraxılıb.
Gecə evinə qayıdan Aynur Rəhimova yenidən həyat yoldaşının təzyiqləri ilə üzləşib. Bu dəfə Səbuhi Rəhimov həyat yoldaşına bıçaqla çoxsaylı xəsarətlər yetirib. Yaralı qadın yenidən 3 saylı şəhər xəstəxanasına çatdırılıb və cərrahiyə əməliyyatı olunub. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olub.
İlkin dindirmələr zamanı içkili vəziyyətdə olan Səbuhi Rəhimov həyat yoldaşını qısqanclıq zəminində vurduğunu bildirib. Fərdi əməklə məşğul olan Səbuhi Rəhimov daim evə içkili vəziyyətdə gəlib və həyat yoldaşını döyüb.
Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq ərizəsi əldə edib. Onun arvadı şikayətçi olmadığını söyləyib.
Səbuhi Rəhimov Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla) maddəsi ilə ittiham edilib.
Onların birgə nikahlarından 2 azyaşlı övladları var.