Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov və Bank Standart İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Cahangir Axundov ifadə verib.
O, bildirib ki, “Bank Standart”ın kredit departamentinin müdir müavini vəzifəsində çalışıb: “2004-cü ildə formal olaraq kredit departamentinində işləmişəm. Orda adım gedib. 2005-ci ildə müştəri xidmələrinə direktor təyin edilmişəm. Uzun müddət həmin vəzifədə çalışmışam”.
Təqsirləndirilən Çingiz Cəlilovun vəkili Janna Bağırova bildirib ki, şahid bankın İdarə heyətinin üzvü olub. Şahid isə qeyd edib ki, “Çudo Peçka”ya kredit ayrılan zaman onların pulu qaytarmaq imkanı olmayıb: “2011-ci ildə pullar o qədər şişdi ki, bank artıq kredit vermirdi. Bankın idarə heyətinin sabiq sədri Səlim Krimanın kimlərləsə cinayət əlaqəsini girməsindən xəbərinim yox idi. “Çudo Peçka”ya 21 milyon milyon kredit verilib. Həmin pulların hamısı Səlim Krimanın qərarı əsasında verilib. İdarə heyətinin üzvü olsam da, bizim onun işinə qarışmaq imkanımız olmayıb”.
Şahidin sözlərinə görə, 2014-cü ildə Səlim Kriman işdən uzaqlaşdırıb: “Həmin il idarə heyətində təmsil olunmuşam. 2015-ci ildə yenidən “Çudo Peçka”ya 6 milyon ayrılıb. Həmin pulu da Səlim Krimanın yerinə gətirilən yeni sədr vermişdi. Yəqin ki, yeni sədr təsisçilərlə məsləhətləşəndən sonra bu pul ayrılıb. Çox məsələdən bizim xəbərimiz olmurdu”.
Cahangir Axundov qeyd edib ki, “Çudo Peçka” bank rəhbərliyinin nəzarətində idi: “Şirkət təsisçinin və Səlim Krimanın əlində olub. Ona görə ayrılan pullardan xəbərsiz qalmışıq”.
Bu zaman təqsirləndirilən şəxsin vəkili Janna Bağırova ilə şahid arasında mübahisə yaranıb. Hakim hər iki tərəfə xəbərdarlıq edib.
Daha sonra ifadə verən şahid Ələkbər Həşimov bildirib ki, 3-cü mikrorayon dairəsində yerləşən “Çudo Peçka” mağazısında çalışıb. O, istintaqda verdiyi ifadəsini təsdiqləyib. Qeyd edib ki, bankdan onların adına kreditlər götürülüb: “Mənə Pərviz Cəlilov zəng edib dedi ki, bankdan kredit götürüləcək. İşçiləri də yığaraq ora getmişəm. Biz müqavilələrə imza atmışıq, pul-filan götürməmişik. Pərviz demişdi ki, götürülən kreditlərin işçilərə adiyyəti olmayacaq”.
İttihama görə, müxtəlif hüquqi və fiziki şəxslərin adına bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov Bank Standard QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan yaxın qohumları və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub.
Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Çingiz Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.
İstintaq dövründə aparılan araşdırmalardan sonra "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucov da həbs edilib.