Azərbaycan Dövlət Dillər Universitetinin keçmiş rektoru Dünyamin Yunusovun evinə basqın etməkdə təqsirli bilinənlər Süleyman Hüseynov, Yaqubar Qasımov, Cahangir Hümbətov, Amil Şirinov və Zemfira Bağırzadənin barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin şikayəti üzrə qərar açıqlanıb.
Qərara görə, onların şikayətləri təmin edilməyib.
İttihama görə, hadisə 2016-cı iinl mayında Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında baş verib. Həmin ünvanda 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65 min manat pul və 15 min manat dəyərində qızıl əşyalar aparıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amil Şirinov 12 il 6 ay, Yaqubar Qasımov 12 il 6 ay, Süleyman Hüseynov 10 il, Cahangir Hümbətov isə 10 il 6 ay, Zemfira Bağırzadə isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək, barələrində daha yüngül cəzanın təyin edilməsini xahiş ediblər.
Qeyd edək ki, Zəridə Yunusovanın həyat yoldaşı Dünyamin Yunusov hadisədən sonra vəfat edib. Məhkəmə zərərçəkmiş kimi Zəridə Yunusovanı tanıyıb.