Xızıda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zaur Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Xızı rayonunun Qızıl-Qazma qəsəbəsində Sumqayıt şəhər sakini Zaur Şirinov idarə etdiyi “Hyundai” markalı mikroavtobusu dərəyə aşırıb.
Nəticədə Zaur Şirinovun sərnişinlərindən həmyerliləri - 1963-cü il təvəllüdlü Billurə İsmayılova və 1984-cü il təvəllüdlü Kamil Həziyev hadisə yerində ölüb.
Sürücü və digər sərnişinləri - Nizami Abdullayev, Əsəd Qurbanov, Lalə Rəhmanova, Ziba Rəhmanova, Rasim Rzayev, Qafar Abdullayev, Saylar Mikayılov, Leyla Fərhadova, İradə Əliyeva, İsmayıl Feyzullayev, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyeva, İndira Mollayeva, Nigar Kazımlı, Vüsalə Ağabəyli, Mehman İsmayılov, Zərxanım Sərtayeva, Sumeddin Qasımov, Şəfəq Süleymanova, Günel Bəşirova, Sərxan Abdullayev, Vaqif Talıbov və Samir Xıdırov xəstəxanaya yerləşdiriliblər. Sərxan Abdullayev xəstəxanada ölüb.
İstintaq orqanı tərəfindən Zaur Şirinova Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Şirinov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Zaur Şirinov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib.
Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Zaur Şirinovun cəzası 7 il 6 aya endirilib.