5 Fevral 2018 15:37
2 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən il iyulun 9-da 1978-ci il təvəllüdlü Ramin Orucovun meyiti Gəncə şəhərinin “Sərçə bazarı” adlanan ərazisində aşkarlanıb. Müayinə zamanı onun döyülərək qətlə yetirildiyi məlum olub.

Qətlə yetirilən Ramin Orucovun əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Eldəniz Məmmədov saxlanılıb.

O ifadəsində bildirib ki, şəhərdə olan çay evlərinin birində Ramin Orucov onun atasını söydüyünə görə aralarında mübahisə düşüb və Raminə bir neçə yumruq zərbəsi endirib.

Xəsarət alan Ramin Orucov çay evindən çıxıb gedən zaman “Sərçə bazarı” adlanan ərazidə ölüb.

Eldəniz Məmmədovun kikboksinq üzrə idmançı olduğu müəyyən edilib.

İstintaq orqanı tərəfindən Eldəniz Məmmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Kəramət Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə istintaqı başlanıldığı elan edilib.

Prosesdə prokuror ittiham aktını elan edib və daha sonra söz təqsirləndirilən şəxsə verilib. O, ittiham üzrə özünü qismən təqsirli bilib.

Mərhumu öldürmək niyyəti olmadığını söyləyən təqsirləndirilən şəxs qeyd edib ki, Ramin Orucov onun atasının ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbləşdiyini söyləyən Eldəniz Məmmədov bildirib ki, mərhuma bir yumruq zərbəsi vurub.

Növbəti proses fevralın 8-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər