Qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan Rusiya Federasiyası vətəndaşı Vəli Əhmədovun barəsində olan hökümdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Vəli Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirib.
Rəsmi məlumata görə, Sənan İsmayılov dərhal xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Suraxanı rayon Polis İdarəsi 32-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Vəli Əhmədov tutulub. Hadisəni törədərkən onun istifadə etdiyi “Vinçester” markalı tüfəng, 5 ədəd patron və 1 ədəd giliz götürülüb.
Məlum olub ki, Qaraçuxur qəsəbəsində 20 Yanvar əlili olan Əli Əhmədova dövlət tərəfindən dükan verilib. O isə dükanı işlətmək üçün qardaşı Vəliyə tapşırıb. Həmin ərazidə Sənan İsmayılov mağazanı əlinə keçirmək məqsədilə dəfələrlə yersiz hərəkətlər etməyə başlayıb. O, hər gün dükanın yaxınlığında heç yerdə işləməyən kişiləri yığaraq nərd oynayıb və bu da dükana gələn qadın alıcıların narazılığına səbəb olub.
Vəli Əhmədov da Sənandan bir neçə dəfə oradan nərd stolunu yığışdırmasını xahiş edib. Amma Sənan bu xahişlərə məhəl qoymayıb.
20 oktyabr 2015-ci il tarixində, saat 7 radələrində Vəli Əhmədov işlədiyi dükana gəlib. Həmişə olduğu kimi kartonları yandırmaq üçün boş sahəyə aparıb. Orada Vəli Əhmədov Sənan İsmayılovla rastlaşıb. Həmin vaxt Sənan Vəlini nalayiq söyüşlərlə təhqir edib. Bundan əsəbiləşən Vəli dükanda saxladığı qanuni ov tüfəngini götürərək, onu qorxutmaq istəyib. Açılan atəş nəticəsində Sənan ismayılov xəsarət alıb.
Vəli Əhmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib və onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsi barədə təklif edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Əhmədovun əməlində Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin tərkibi olmadığı qənaətinə gəlib. Həmin maddə Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) və 232.1-ci (odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə) maddəsinə tövsif edilib, Vəli Əhmədovun barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Vəli Əhmədovun cəzasının ağırlaşdırılmasını istəyib. Zərərçəkmiş tərəf də eyni tələblə apelyasiya şikayəti verib.
Təqsirləndirilən şəxs də apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Tərəflərin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə tərəflərin şikayətləri üzrə araşdırma aparılıb. Hakim heyəti sonda prokurorun və zərərçəkmişin şikayətini qismən təmin edib. Məhkəmə Vəli Əhmədovun cəzasını 10 ilə qədər artırıb.
Bu qərardan təqsirləndirilən şəxsin vəkili kasasiya şikayəti verib. Kasasiya şikayətində Vəli Əhmədovun barəsində olan cəzanın yüngülləşdirilməsi istənilib.
Şikayət araşdırılması üçün Ali Məhkəməyə göndərilib və araşdırılması üçün hakim İmran Hacıqayıbovun icraatına verilib.
Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəmə araşdırması başlanacaq.