7 Fevral 2018 11:04
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir mənzili bir neçə nəfərə satmaqda təqsirli bilinən şirkət rəhbəri Mahir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Mahir Kərimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və 5 il 6 ay şərti cəza təyin edilib.

İttihama görə, Mahir Kərimov Fateh-N MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb.

O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə itiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Mahir Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. Həmin şirkətin təsisçisi Ələsgər Ömərov bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib. O da İTV-nin sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.

Cinayət işində adı keçən şəxslərdən biri – Ramil Şükürovun başqa cinayət işi üzrə istintaqa cəlb olunub. Zərərçəkənlər pulu birbaşa Ramil Şükürova veriblər. Bu barədə onlar cinayət işi üzrə ifadə versələr də, müstəntiq Ramil Şükürovu dindirməyib.

Ramil Şükürov bir müddət əvvəl dələduzluqda və sənədləri saxtalaşdırmaqda təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun sədrlik etdiyi kollegiyanın hökmü ilə məhkum edilib. Sonradan isə şərti cəza ilə azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov