Bakıda dələduzluqda təqsirləndirilən Nigar Abdullayeva barəsində hökmdən verilmiş kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Bakı Apelyasiya Məhkəməsinin 8 fevral 2017-ci il tarixli qərarı bəraətverici əsaslarla ləğv edilib.
İşin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib. Nigar Abdullayevanın barəsində olan cinayət işi araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Yaxın günlərdə iş hakim icraatına verləcəyi gözlənilir.
Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı, 1982-ci il təvəllüdlü Nigar Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin (hazırda İqtisadiyyat Nazirliyi) Protokol şöbəsinin rəisi olub. O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib.
Nigar Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
2015-ci il sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nigar Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nigar Abdullayeva apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Nigar Abdullayevanın apelyasiya şikayəti təmin edilməyib.
Qərardan narazı qalan Nigar Abdullayeva kasasiya şikayəti verib.
Nigar Abdullayeva ittihamı qəbul etmir. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.