Dələduzluqda təqsirləndirilən Aygün Akimova Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib.
Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, Aygün Akimovanın kasasiya şikayəti araşdırılması üçün hakim İmran Hacıqayıbovun icraatına verilib.
Məhkəmənin ilkin baxış iclası martın 13-nə təyin edilib.
Aygün Akimova ilə birlikdə mühakimə olunan İlham Baxşıyev isə məhkəmə qərarından kasasiya şikayəti verməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aygün Akimova 12 il, İlham Baxşıyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmişlər apelyasiya şikayətləri veriblər.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə İlham Baxşıyev barəsində çıxardığı hökm dəyişdirilib. Məhkəmə onun barəsində şərti cəza təyin edib. Aygün Akimovanın isə apelyasiya şikayəti təmin olunmayıb.
İttihama görə, Aygün Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti və vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib.
İttiham aktında həmin cinayət işində onun İlham Baxşıyevlə əlbir olduğu qeyd edilir.
Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunublar.
Xatırladaq ki, AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdulalyev iş üzrə şahid qismində ifadə verib. O, dindirilərkən naxçıvanlı biznesmen Aygün Akimova ilə evli olmadığını, ancaq onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını deyib.