Gəncədə narkotik və oğurluq üstündə həbs edilən iki qardaşın başqa cinayətləri üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, narkotik vasitə ilə tutulmuş Kəmaləddin Talıbovun və qardaşı Seymurun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Gəncə şəhər Baş Polis İdarəsi və Daşkəsən rayon polis şöbəsi əməkdaşları tərəfindən araşdırma aparılıb.
Əməliyyat tədbirləri ilə onların Daşkəsən rayonu ərazisində daha bir evdən 1 ədəd peyk qəbuledicisi, 1 ədəd DVD və 1 ədəd kompyuter aksesuarı oğurlamaları müəyyən edilib.
İstintaq araşdırması zamanı Kəmaləddin Talıbovun bir evdən oğurluğa cəhd göstərməsi də üzə çıxıb. Onun Gəncə şəhərində yaşadığı evə baxış zamanı 1 ədəd “GİETCE TT NBB” markalı pnevmatik qaz tapançası və 1 ədəd “PİRAT” markalı ov bıçağı aşkar edilib.
Qeyd edək ki, Talıbov qardaşları bu ilin fevralın 8-də həbs ediliblər. Baxış zamanı Seymurdan 120 qram, qardaşından isə 114 qram tiryək aşkar edilib.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Səbail rayon Polis İdarəsinin Seymur Talıbovun ətrafında apardığı əməliyyat tədbirləri ilə sonuncunun törətdiyi digər cinayət əməllərinin də üstü açılıb. Onun paytaxtın Badamdar qəsəbəsində yaşayan əcnəbi vətəndaşın mənzilindən 2 noutbuk, proyektor, 2 “TV-resiver”, 1 vebkamera, 2 domofon, 2 videokamera və 1 çanta oğurladığı müəyyən edilib.
Faktla bağlı istintaq davam edir.