Bakıda şantajla pul tələb etməkdə təqsirli bilinən Elnur İbrahimovun barəsində çıxarılmış hökümdən apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, Elnur İbrahimov paytaxtda fəaliyyət göstərən klinikaların birində həkimi şantaj edib.
O, nevropatoloqla sosial şəbəkədə tanış olub. Qadın həkimlə intim münasibətdə olan Elnur sonradan onu rüsvay edəcəyi ilə qorxudub. Təqsirləndirilən şəxs qadın həkimdən şantaj yoluyla 8 min manatdan çox pul alıb.
Daha sonra qadın onun barəsində polisə şikayət edib. Polis əməkdaşları Elnur İbrahimovu saxlayıb.
Onun barəsində istintaq və məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməyib.
Elnur İbrahimov isə ittihamları qəbul etmir. O, pulu həkimdən yardım məqsədilə aldığını deyir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan Elnur İbrahimov apelyasiya şikayəti verib. O, bəraət istəyir.
Növbəti proses fevralın 26-da davam edəcək.