13 Fevral 2018 12:41
2 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:33

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Səbail rayon Polis İdarəsinin müstəntiqi işləmiş Vüqar Abbasov şahid qismində ifadə verib.

O bildirib ki, bir müddət əvvəl işlədiyi vəzifədən sərəncama götürülüb. Onun sözlərinə görə, təqsirləndirilən Rəhim Rəhimovu cinayət işinin istintaqını aparan zaman tanıyıb: “Hadisə olan vaxt Səbail rayon Polis İdarəsində müstəntiq vəzifəsində çalışırdım. Rəhim Rəhimov 2017-ci il noybarın 8-də qəza törədib. Bununla bağlı idarəyə məlumat daxil oldu. Dərhal hadisə yerinə getdim, ora çatıb hadisə yerinin mühafizə elədim. Maşının üstündə nömrə yox idi. Axtarış apardım, nömrə baqajdan çıxdı. Polislərdən soruşdum, dedilər sürücü yoxdur. Daha sonra Əmrulla adlı bir şəxs çıxdı, dedi ki, hadisəni mən törətmişəm.

Meyiti morqa apardıq, sonra ifadərəyə getdim. Əmrullanı dindiridim. Onun yalan danışdığını bildim. Dərhal cinayət işi açdım”.

Keçmiş müstəntiq bildirib ki, işi araşdıran zaman Rəhim Rəhimov özü törətdiyi qəzanı etiraf edib. Müstəntiqin sözlərinə görə, hadisə yerində 4 polis əməkdaşı işləyib, ərazi müayinə olunub.

Müstəntiq qeyd edib ki, Rəhim Rəhimov hadisədən 20 gün sonra könüllə şəkildə istintaqa gəlib: “Əvvəlcə etiraf etmirdi, sadəcə istintaqa cəlb olunmuşdu. Onun ilkin ifadəsini aldıq, sonda hadisəni törətdiyini etiraf etdi. O vaxta qədər Rəhim Rəhimov axtarışa verilmişdi. Rəhbərliyə məruzə edilmişdi. Atası ilə bir neçə dəfə danışmışdıq. Bildirmişdik ki, Rəhimi istintaqa gətirsin. Bunu birinci gündən belə etmişik”.

***

Müstəntiq daha sonra ifadəsində qeyd edib ki, Rəhim Rəhimov istintaqa gələn müddətə qədər onun atası ilə iki dəfə xidməti otağında görüşüb.

Müstəntiqin sözlərinə görə, ikinci görüşdə ata ondan oğluna kömək etməsini xahiş edib: “Lakin biz istintaqın maraqları ilə hərəkət etdik. Axtarışa veriləndən sonra evlərinə və universitetə əməliyyatçılar getdi. Lakin həmin yerlərdə Rəhim tapılmadı”.

Təqsirləndirilən Rəhim Rəhimov isə bildirib ki, hadisəni törədəndən sonra hər gün universitetə gedib: “Mənim davamiyyətimə baxa bilərsiz. Bir dəfə əməliyyatçılar gəldi. İki dostumu ifadə almaq üçün yanımdan apardılar. Ancaq mənə heç kim heç nə demədi”.

Daha sonra şahid qismində ifadə verən polis baş leytantantı Asif Kərimov bildirib ki, müstəntiq Vüqar Abbasov otağına gedib: “Müstəntiq mənə dedi ki, səni izahat almaq üçün çağıracam. Dedim, çağıranda gələrəm. Lakin məni çağırmadı. Mən istintaqda qəza ilə bağlı ifadə verməmişəm”.

Vüqar Abbasov isə bildirib ki, Asif Kərimovu dindirib, lakin dindirilməni xatırlamır.

Daha sonra Təcili Yardımda çalışan həkim Arzu Əliyev ifadə verib. O bildirib ki, qəzanın baş verdiyi yerdə olub: “Biz hadisə yerinə çatdıq. Qadın artıq keçinmişdi. Orda soruşduq ki, hadisəni kim törədib, dedilər cavan uşaqdır. Həmin cavan oğlan avtomaşının yanındaydı. Yanında polislər də vardı”.

Təqsirləndirilən Rəhim Rəhimovun vəkili Muxtar Mustafayev vəsatətlə çıxış edib. O, hadisə ilə bağlı təkrar ekspertiza keçirilməsini istəyib. Vəsatət növbəti iclasda müzakirə ediləcək.

Növbəti proses fevralın 20-nə təyin olunub.

İttihama görə, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Cip Qrand Çeroki” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Sürücü isə hadisə yerindən qaçıb.

İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası aparılıb.

Pofilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gələrək özünü istintaqa təqdim edib.

Qeyd edək ki, Rəhim Rəhimovun atası Akif Rəhimovun Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.

Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır.

Əlavə edək ki, bu cinayət işinin ibtidai istintaqını aparan Səbail rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov vəzifəsindən kənarlaşdırılıb. Məlum olub ki, Vüqar Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı Rəhim Rəhimovun yox, onların ailə sürücüsü olan Əmrulla Şahbazovun törətdiyi göstərilib.


Müəllif: Hacı Zeynalov