7 Avqust 2014 11:24
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində oğurluq və quldurluqda ittiham olunan Əsəd Məmmədov, Cavanşir Qənbərov, Elmir Rzayev, Eldar Lançava və Ramil İbrahimovun məhkəməsi başa çatıb.

İttihama görə, dəstə üzvləri bir neçə oğurluq cinayəti törədiblər. Onlar Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Orxan Mustafayevə məxsus paltar mağazasının arxa pəncərəsinin metal barmaqlığını sındıraraq oradan 1500 manat və 5 min 440 manat dəyərində mal götürərək aradan çıxıblar.
Dəstə üzvləri həmin qəsəbədə mənzil sahibi olan Elvin Cəfərova isə 14 min 990 manat maddi ziyan vurublar.

Bank işçisinin evini əmisi oğlu qarət elətdirib

Dəstənin növbəti hədəfi Bakıxanov qəsəbəsindəki Şəmsiyyə Əhmədovanın evi olub. Mənzildən 1400 manat və 1400 dollar, külli miqdarda qiymətli əşya aparıblar. Daha sonra Qaraçuxur qəsəbəsində yerləşən Elxan Sultanova məxsus alüminium qapı və pəncərə aksessuarları satılan mağazaya əl gəzdiriblər. Mağazadakı seyfdən 56 min 554 manat və 72 min 86 dollar oğurlanıb.

Onların baş çəkdiyi başqa bir ünvan isə dəstə üzvü Cavanşir Qənbərovun əmisi oğlu İlkin İbrahimovun mənzili olub.

Cavanşir Qənbərov əmisi oğlunun bankir olduğunu deyəndən sonra,Eldar Lançava və Elmir Rzayev üzlərinə maska geyinərək onun Sabunçu qəsəbəsindəki mənzilinə soxulublar. Əllərindəki tapança və bıçaqlarla ev sahibini hədələyərək pul və qızılların yerini soruşublar. İlkin İbrahimovun həyat yoldaşı maskalıların tələbini yerinə yetirib. Evdə olan 550 manat dəyərində bir cüt qızıl sırğa və 800 manat dəyərində bir ədəd qızıl qolbağı maskalılara verib. Bundan sonra onlar mənzil sahibini hədələyərək oranı tərk ediblər.

5 nəfərlik dəstənin ümumilikdə 5 cinayəti müəyyən edilib. Baş vermiş quldurluq və oğurluq cinayətlərində 1 il ərzində dəstə üzvləri 120 min manata qədər qənimət əldə ediblər.

“Tapançanı mənə tuşlayıb dedi ki...”

İş üzrə zərərçəkmiş qismində ifadə verən iki övlad atası İlkin İbrahimov o zaman “Röyal Bank”da işlədiyini və həftənin beş günü işdə olduğunu deyib: “Həmin günü evə gələndə həyətin də, evin də qapısını bağladım. Həyat yoldaşımla qonaq otağında divan və şkafın yerini dəyişməyə başladıq. Bu vaxt evin qapısı döyüldü. Həyat yoldaşım dedi ki, gələn, bəlkə, qardaşı Vüsaldır. Qapıya yaxınlaşanda böyük oğlum Uğur yanımda idi. Gözlükdən baxmaq istəyəndə Uğur ayağıma çıxdı və baxa bilməyib qapını açdım. Qapıda üzündə yundan toxunmuş qara maska olan bir adam dayanmışdı. Əlindəki tapançanı mənə tuşlayıb dedi ki, geri çəkil. Bunun zarafat olduğunu düşündüm və əlimlə tapançanı sola tərəf itələdim.

Silahlının arxasından iki nəfər çıxdı. Onlardan biri bıçağı boğazıma dirəyib “geri çəkil” dedi. O birilərin də üzündə yundan toxunmuş qara maska vardı. Səsə həyat yoldaşım gəldi, əlində tapança olan şəxs ona dedi ki, sakit olun, evdəki pul və qızılları verin! Dedik ki, evdə pul və qızıl yoxdur. Maskalılardan biri əlindəki tapançanı oğlum Uğurun üstünə tuşlayıb qızıl və pul tələb elədi.

Həyat yoldaşım evdə olan qızıl sırğa və qızıl bilərziyi yataq otağından gətirdi. Əli tapançalı qonaq otağına keçib şkafın sürməsini çəkib baxdı və yoldaşıma dedi ki, evdə pul və qiymətli nəsə varsa, verin. Yoldaşım da dedi ki, evdə pul və qiymətli heç nə yoxdur, istəyirsinizsə, özünüz axtarın. Bundan sonra həmin şəxslər bizə “sakit durun, çölə çıxmayın və polisə məlumat verməyin, əgər polisə məlumat versəniz bir daha gələcəyik” deyib getdilər".

İlkin İbrahimov maskalılar mənzilini tərk edəndən sonra Sabunçudakı evindən çıxaraq aeroport şosesində olan körpünün altında mühafizə polisinə hadisə barədə məlumat verib.

Apelyasiya şikayətləri qismən təmin edildi

Zərərçəkmiş və təqsirləndirilən şəxsləri dinləyən məhkəmə heyəti sonda hökmü elan edib. Cavanşir Qəmbərov 10 il, digər təqsirləndirilən şəxslər isə 6 ildən 9 ilə qədər azadlıqdan məhrum olunublar.

Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti verib, cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçən prosesdə qərar elan olunub, birinci məhkəmə instansiyasının hökmü dəyişdirilib. Cavanşir Qəmbərovun cəzası 9 ilə, Eldar Lançavanın cəzası 8 il 6 aya endirilib. Digər təqsirləndirilən şəxslərin şikayəti baxılmamış saxlanılıb.

Hacı Zeynalov


Müəllif: