26 Fevral 2018 12:00
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənimsəmədə təqsirləndirilən Abşeron rayonu Məhəmmədli bələdiyyəsinin sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Vaqif Nəbiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından həbs edilib.

İttihama görə, Vaqif Nəbiyev Abşeron rayon Məhəmmədli Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. O, qulluq mövqeyindən istifadə edərək, 2015-ci ildə kənd ərazisində olan 30 sot torpaq sahəsini zərərçəkmiş şəxsə satacağını deyərək, ondan 23 min manat pul alıb.

Vaqif Nəbiyev vədinə əməl etməyib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dəldəzuluq etmək) maddəsi ilə cinayət işi açılıb.

Vaqif Nəbiyev bələdiyyə üzvü Nazim Pənahovla birlikdə daha bir dələduzluq cinayəti törətməkdə təqsirli bilinir. Həmin iş üzrə də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sərliyi ilə araşdırma aparılır.

Həmin araşdırmalar üzrə məhkəmə istintaqı başa çatıb və prokuror ittiham nitqi ilə çıxış edib. Vaqif Nəbiyevin 8 il, Nazim Pənahovun isə 7 il müddətinə azadlıqdan məhrum edilməsi təklif edilib.

Bu ittihama görə, onların barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb. Bələdiyyə sədri bir neçə vətəndaşa 99 min manat miqdarında maddi ziyan vurmaqda, onların pullarını mənimsəməklə ələ keçirməkdə günahlandırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər