İmişli rayonunda qadına məxsus yük maşının qaçırmaqda ittiham olunan 1989-cu il təvəllüdlü Rahim İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İstintaq sənədlərinə görə, Rahim İmanov Sabunçu rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü (oğurluq) maddələri ilə mühakimə edilib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Xələc türməsində cəza çəkən Rahim İmanov vaxtından əvvəl azadlığa buraxılması üçün Salyan rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin 28 iyul 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb.
Azadlığa çıxan Rahim İmanov qısa zamanda yenidən cinayət törədib. O, həmin il oktyabrın 15-də, saat 21.00-da sərxoş vəziyyətdə İmişli şəhəri A.Ələsgər küçəsində gedərkən yolun kənarında saxlanılmış, Xalidə Hüseynovaya məxsus olan “Kamaz-5320” markalı avtomobili görüb.
Sərxoş olan gənc həmin yük avtomobilini sürmək həvəsinə düşüb. Bu səbəbdən sahibindən xəbərsiz həmin avtomobilin sükanı arxasına əyləşib, və idarə edib.
Rahim İmanov İmişli-Saatlı yolunun Saatlı rayonu Hacıqasımlı kəndi ərazisində avtomobili yoldan çıxararaq aşırıb. Bununla da Xalidə Hüseynovaya 2500 manat məbləğində ziyan vurub.
İstintaq orqanı tərəfindən Rahim İmanova qarşı Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə ittiham elan edilib.
İmişli rayon Məhkəməsinin hökmü ilə Rahim İmanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 6 ay sınaq müddəti olmaqla 8 ay 7 gün müddətinə şərti cəza təyin edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində Cinayət Məcəlləsinin 70-ci maddəsinin hökmdən xaric edilməsini, ona ağır cəza verilməsini tələb edib.
Həmçinin Rahim İmanov da apelyasiya şikayəti verərək, cinayət məsuliyyətindən azad edilməsini istəyib. Tərəflərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hər iki şikayət hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Araşdırma aparan hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti təmin edilib. Rahim İmanov 10 ay 7 gün müddətinə azadlıqdan məhrum edilib və cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. O, məhkəmə zalından həbs edilib. Rahim İmanovun cəza çəkmə müddətinin başlanğıcı 4 dekabr 2017-ci ildən hesablanması qərara alınıb.
Məhkəmə Rahim İmanovun apelyasiya şikayətini təmin etməyib.